Xalqımız illərlə Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə çalışmışdır. Danışıqlar
prosesində ölkəmizin mövqeyi yetərincə güclü olmuşdur. Amma danışıqlar nəticəsiz qaldığına görə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda
son addım olaraq hərb yolunu seçməli olduq. Azərbaycan xalqı illərlə işğal altında qalan torpaqlarının azadlığı
uğrunda güc amilini əsas tutub mübarizəyə başladı. İlk həmlədən ordumuz döyüş
meydanlarında öz gücünü göstərmiş, düşmənə
layiqli cavablar vermişdir. Ölkəmiz bütün
vasitələrdən istifadə edərək, torpaqlarımızı işğalçılardan azad etdi. Müharibə
istəməsək də, işğalla da barışa bilməzdik.
Bu müharibəni qələbə ilə başa vurduq, ancaq ağrı-acılarımız da oldu. Şəhidlərimiz,
qazilərimiz, hətta dinc əhalidən də müharibədə zərər çəkən vətəndaşlarımız xalqımızın mübarizliyini göstərdilər. Arxa cəbhədə olan bütün xalq da bu şanlı qələbənin
müəllifləri oldular.
Artıq
müharibə bitib, amma ölkə başçısının diqqət və qayğısı müharibə iştirakçılarının
hər birinə qarşı xüsusidir. Belə ki, heç bir şəhid ailəsi, heç bir qazi,
müharibə iştirakçısı diqqətdən kənar qalmır, onların özlərinə, ailə üzvlərinə
dövlət qayğısı göstərilir. Onlara mənzil, avtomobil, birdəfəlik və aylıq ödəmələrin
verilməsi, qazilərimizin müalicəsi ilə bağlı dəstək dövlət tərəfindən xüsusi həyata
keçirilir. Dövlət başçımız daim öz vətəndaşlarının, xüsusi ilə də həssas təbəqə
nümayəndələrindən olan müharibə iştirakçılarımızın sosial məsələlərini daim
diqqət mərkəzində saxlayıb. Dəfələrlə şəhid ailələrinin üzvləri ilə, qazilərlə şəxsən görüşməsi
prezidentimizin siyasətinin ölkənin hər bir vətəndaşına münasibətdə ədalətinin,
humanizminin göstəricisidir.
Arzu
edirik ki, xalqımız bir daha çətin günlər yaşamasın, dövlətimizə, xalqımıza firəvan
günlər qismət olsun.
Şahilə Zeynalova,
Xocalı
rayon sakini27.02.2021